ELMİ İŞ
Sosiologiya kafedrası Respublika Təhsil Nazirliyinin, BDU rektorluğunun elmlə təhsilin vəhdətini möhkəmləndirmək, elmi tədqiqatların səmərəliliyini yüksəltmək barəsində təlimati məktublarına əsaslanaraq, elmi işlərin nəzərdə tutulan istiqamətlərdə yerinə yetirilməsinə maksimum səy göstərmişdir. Kafedra ümumi plan işləri ilə yanaşı bakalavriat və magistratura pilləsində təhsil alan istedadlı gənclərin üzə çıxarılmasına, onların müasir, aktual mövzular üzrə elmi tədqiqatlara cəlb olunmasına xüsusi diqqət yetirir, habelə universitetin nəzdində fəaliyyət göstərən D.02.015 Dissertasiya şurasının işinə yaxından kömək göstərir.
2015-ci ildən Sosiologiya kafedrası aşağıdakı problem üzrə tədqiqat işi aparmışdır. "Müasir şəraitdə sosial proseslərin idarə olunması qlobal çağırış kimi". Mövzu "Müasir şəraitdə sosial proseslərin idarə olunmasında İKT-lərin rolu" adlanır. Problemin rəhbəri prof. İ.Ə.Rüstəmovdur.
Bu mövzunu işləməkdə əsas məqsəd müasir şəraitdə sosial proseslərin adekvat idarə olunmasının zəruriliyini ictimai tələbat kimiəsaslandırmaq, mövcud elmi ədəbiyyatda problemin işlənmə səviyyəsinin elmi mənzərəsini yaratmağa çalışmaq, informasiya-kommunikasiya texnologiyalarının həmin prosesdə rolunu araşdırmaq, Azərbaycan Respublikasında bu texnologiyaların idarəçilik sistemində tətbiqi sahəsində qazanılmış uğurların və istifadə olunmuş sosial ehtiyatların sosioloji təhlilini verməkdən ibarətdir.
