Fakültənin görkəmli elm xadimləri
Sosial elmlər və psixologiya fakültəsi müstəqillik illərində yaransa da, bir sıra kafedraları daha əvvəllər fəaliyyət göstərirdilər. Bu baxımdan uzun illər universitetdə fəaliyyət göstərmiş görkəmli alimlər var ki, fakültə əməkdaşları onlarla fəxr edirlər.
Aleksandr Osipoviç Makovelski (1884-1969) Qrodno şəhərində klassik gimnaziyanı medalla bitirdikdən sonra Kazan Universitetinin Tarix-filologiya fakültəsinə qəbul olmuşdur. 1907-ci ildə universiteti bitirdikdən sonra Makovelski təhsilini davam etdirmək üçün Fəlsəfə kafedrasında saxlanılmışdır. 1913-cü ildə Makovelski, Sokratdan əvvəlki qədim yunan fəlsəfəsi üzrə ilkin mənbələrin öyrənilməsi üçün Almaniyaya ikiillik elmi ezamiyyətə göndərilir. Gələcəkdə əsaslı elmi əsər olan 3 cildlik “Sokratdan əvvəlki fəlsəfə” kimi kapital bir əsərin materiallarını Berlində, Münhendə elmi kitabxanalarda tədqiq edən Makovelski, məşhur filosoflarla (Ostvald, Kassirer, Erdman Zimmel) və məşhur riyaziyyatçı alim Dinqlerlə tanış olur. I Dünya Müharibəsi Makovelskiyə elmi işini Almaniyada davam etdirməyə imkan vermədi. O, elmi işini Peterburq və Moskvada elmi kitabxanalarda davam etdirmişdi. 1914-1919-cu illərdə fundamental 3 cildlik “Sokrataqədərkilər” əsəri çap olunmuşdu.
1920-ci ildə Makovelski müxtəlif şəhərlərdəki universitetlərdən, o cümlədən Bakı Universitetindən dəvət almış, lakin o, Bakını seçərək, 1920-1960-cı illərdə Bakı Universitetində müəllimlik etmişdir.
Azərbaycanda fəlsəfə elmi məktəbinin əsası Heydər Nəcəf oğlu Hüseynov (1908-1950) tərəfindən qoyulmuşdur. O, 1939-cu ildə namizədlik, 1944-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir, 1939-1945-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı sədrinin müavini, 1945-1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, eyni zamanda Azərbaycan Dövlət Universitetinin Fəlsəfə kafedrasının müdiri olmuşdur. H.Hüseynov 1930-cu illərdə fəlsəfə fənnini tədris etməklə bərabər Azərbaycan dilində fəlsəfəyə aid «Dialektik materializm», «Dialektika və metafizika», «Dialektika və tarixi materializm» adlı ilk dərslikləri yazmışdır. H.Hüseynov Azərbaycan Dövlət Universitetinin Fəlsəfə kafedrasının müdiri olduğu müddətdə Tarix fakültəsinin nəzdində Fəlsəfə şöbəsinin yaranmasına nail olur. Bu şöbə fəlsəfənin bir elm kimi Azərbaycanda inkişafina xüsusi təkan verir. Akademik Aslan Aslanov, AMEA-nın müxbir üzvü Məqsəd Səttarov, Zeynəddin Göyüşov, Firudin Köçərli, İrşad Əliyev və başqa filosoflar bu şöbənin, eləcə də filosof H.Hüseynov məktəbinin yetirmələridir.
H.Hüseynov Azərbaycan Tərcümə məktəbinin əsasını qoymuş, ilk azərbaycan-rus və rus-azərbaycan lüğətinin redaktorlarından olmuşdur. O, 100-dən çox elmi məqalənin müəllifidir. Bəhmənyar, Nizami Gəncəvi, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi haqqında tədqiqatlar aparmışdır. 1945-ci ildə Azərbaycan EA-nın akademiki seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin (2-ci çağırış) deputatı olmuşdur.
H.Hüseynovun «XIX əsrdə Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrin tarixi haqqında» fundamental əsəri 1950-ci ilin mart ayında Stalin mükafatına layiq görülmüşdür. Lakin buna baxmayaraq, əsassız təqiblər və tənqidlərə məruz qalmışdır. Onun XIX əsrdə Qafqaz fəlsəfi fikrinin tədqiqi müridizmin təbliği kimi qəbul edilir. Hüseynov Kommunist Partiyasından çıxarılır və Elmlər Akademiyasındakı vəzifələrindən azad edilir.
Professor Mehbalı Məhəmməd oğlu Qasımov (1906-1963) 1932-ci ildə Moskva Fəlsəfə, Ədəbiyyat və Tarix İnstitutunun Fəlsəfə fakültəsinə daxil olaraq, 1937-ci ildə təhsilini bitirib, Respublikamızın ali məktəblərində dialektik və tarixi materializm fənlərini tədris etmişdir.
II Dünya Müharibəsindən qayıtdıqdan sonra Azərbaycan EA-nın Fəlsəfə İnstititutunun elmi əməkdaşı kimi fəaliyyət göstərmişdir. O, 1946-cı ildə namizədlik, 1956-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
1950-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Universitetinin Fəlsəfə kafedrasının müdiri olmuşdur.
M.Qasımov 6 cildlik “Fəlsəfə tarixinin” müəlliflərindən biridir.
O, Azərbaycan fəlsəfi fikrində özünəməxsus, təkrarolunmaz dəst-xətti olan bir filosof olmuşdur. M.M.Qasımovun rəhbərliyi ilə 40-dan artıq elmlər namizədi və elmlər doktoru hazırlanmışdır.
Akademik Fuad Feyzulla oğlu Qasımzadə (1929-2010)1952-ci ildə ADU-nun Tarix fakültəsi nəzdindəki fəlsəfə şöbəsini fərqlənmə diplomu ilə bitirmiş və aspiranturada saxlanılmışdır. 1955-ci ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə həqiqi üzvü seçilmişdir.
1952-ci ildən ADU-da əmək fəaliyyətinə başlamışdır. 1963-1976-cı illərdə Fəlsəfə kafedrasının, 1976-1980-ci illərdə Dialektik materializm kafedrasının, 1988-2010-cu illərdə Təbiət fakültələri üzrə fəlsəfə kafedrasının müdiri olmuşdur. Akademik Fuad Feyzulla oğlu Qasımzadə 12 nəfər elmlər doktoru, 109 nəfər elmlər namizədi hazırlamışdır.
F.F.Qasımzadə 15 monoqrafiyanın, 3 dərsliyin, 350 məqalənin, 600-dən artıq publisist məqalənin müəllifi, 30-dan çox kollektiv əsərin həmmüəlliflərindən olmuşdur. 1979-cu ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, 2000-ci ildə «Şöhrət» ordeni, 2009-cu ildə «İstiqlal» ordeni ilə təltif olunmuşdur.
1966-cı ildən fəlsəfə elmləri üzrə Dissertasiya Şurasına rəhbərlik etmişdir. 1990-1995-ci illərdə Ali Sovetin (Milli Məclisin) və dəfələrlə Bakı Sovetinin deputatı olmuşdur.
Professor Həmid Rza oğluİmanov (1932-2011) 1948-ci ildə BDU-nun Tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuş, 1953-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. Həmin il AMEA-nın Fəlsəfə bölməsində aspiranturaya qəbul olmuş, 1956-1958-ci illərdə həmin bölmədə kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1958-ci ildə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1976-1988-ci illərdə Tarixi materializm kafedrasının, 1988-2011-ci illərdə Humanitar elmlər üzrə Fəlsəfə kafedrasının müdiri olmuşdur.
Prof.H.R.İmanov 20 monoqrafiya və dərslik, 300-dən artıq elmi məqalənin müəllifidir. Onun son «Orta əsrlərdə İslam şərqində fəlsəfi fikir» adlı monoqrafiyası 2011-ci ildə Almaniyada nəşr olunmuşdur.
Prof. H.R.İmanov elmi-pedaqoji fəaliyyətinə görə «Əməkdar elm xadimi» adına layiq görülmüş, «Şöhrət» ordeni ilə təltif edilmişdir.
Professor Cəmil Teymur oğlu Əhmədli (1931-2010) 1948-ci ildə ADU-nun Tarix fakültəsinin Fəlsəfə şöbəsinə daxil olmuş, 1953-cü ildə Stalin təqaüdü ilə bitirmişdir. Həmin ildə SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aspiranturasına daxil olmuşdur. 1956-cı ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. 1957-ci ildə Azərbaycan SSR EA Fəlsəfə İnstitutuna elmi katib vəzifəsinə qəbul edilmişdir. 1965-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, fəlsəfə elmləri doktoru elmi dərəcəsi adını almışdır. 1966-cı ildə professor adına layiq görülmüşdür.
1966-cı ilin sentyabr ayında bərpa edilən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) Fəlsəfə kafedrasına müdir vəzifəsinə dəvət edilmişdir. 1990-cı ildə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə və sosiologiya kafedrasının müdiri vəzifəsinə seçilmişdir.
Onun elmi rəhbərliyi ilə 100-ə qədər namizədlik, 12 doktorluq dissertasiya işi müdafiə edilmişdir. 400-ə qədər elmi monoqrafiyanın, dərslik və dərs vəsaitinin, məqalənin müəllifi olmuşdur. 30-dan çox beynəlxalq, ümumittifaq, zona və respublika konfranslarında aktual mövzularda məruzələrlə çıxış etmişdir.
1990-cı ildə Əməkdar elm xadimi fəxri adına, 2009-cu ildə isə «Şöhrət» ordeninə layiq görülmüşdür.
Professor Məmmədəli Baba oğluZeynalov (1927-2007) Gəncədə ali və orta pedaqoji təhsil aldıqdan sonra müəllimlik etmiş, partiya komitəsində çalışmışdır.
1954-1958-ci illərdə Moskva şəhərində İctimai elmlər akademiyasında təhsil almış, Fəlsəfə tarixi indeksi üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Azərbaycanda Mərkəzi Komitənin Elm və məktəblər şöbəsində müdir müavini, 1960-cı ildə Maarif nazirinin birinci müavini vəzifəsində çalışmışdır. 1971-ci ildə Moskva Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə etmişdir. 1973-cü ildən ADU-da Dialektik materializm kafedrasında işə qəbul edilmiş, 1979-cu ildə professor elmi adına layiq görülmüşdür. 1990-cı ildən 2007-ci ilədək Fəlsəfə tarixi və dinşünaslıq kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Prof. M.B.Zeynalov 40-a qədər monoqrafiya, dərslik, dərs vəsaiti, tədris proqramı və çoxlu məqalələrin müəllifidir. Onun rəhbərliyi ilə 20-ə qədər elmlər namizədi və elmlər doktoru hazırlanmışdır.
O, «Almaniya üzərində qələbə», «Əmək igidliyinə görə» medalları, «Xalq təhsili əlaçısı» nişanı ilə təltif olunmuş, «Şərəf nişanı» və «Şöhrət» ordeninə layiq görülmüşdür.
Professor Əkbər Salman oğlu Bayramov 1954-cü ildə ADU-nun (indiki BDU) Filologiya fakültəsinin məntiq-psixologiya şöbəsini əla qiymətlərlə bitirib, universitetin Böyük Elmi Şurasının qərarı ilə 1954-1957-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda (indiki APDU) psixologiya ixtisası üzrə aspiranturada təhsil alıb. Əkbər Salman oğlu Bayramov 1957-1958-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda aspirantura şöbəsinin müdiri, 1958-1960-cı illərdə isə Elmi işlər üzrə prorektorun köməkçisi işləyib.
O, 1959-cu ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyası müdafiə edib.
1960-1970-ci illərdə APİ-nin Psixologiya kafedrasında baş müəllim, dosent, professor vəzifələrində işləyib. 1971-1997-ci illərdə isəADU-da Pedaqogika və psixologiya kafedrasının müdiri, 1991-1992-ci illərdə Sosial elmlər və psixologiya fakültəsinin dekanı olub.
Prof. Ə.S.Bayramov psixologiya nəzəriyyəçisi və tarixçisi kimi layiqli yer tutub. Onun çoxlu sayda monoqrafiya, dərslik, dərs vəsaiti, metodik göstərişləri, proqram və məqalələri nəinki ölkəmizdə, həmçinin xarici ölkələrdə böyük rəğbət qazanıb. Ə.S.Bayramov 1981-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb. «Şərəf nişanı» ordeni (1976), «SSRİ maarif əlaçısı» (1977) və «Şöhrət ordeni» (2000), eləcə də bir neçə dəfə Azərbaycan Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir. Prezident təqaüdçüsü olub.
Professor İzzət Əşrəf oğlu Rüstəmov 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi nəzdindəki Fəlsəfə şöbəsini bitirmiş, 1961-ci ildə namizədlik dissertasiyasını, 1972-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1965-ci ildə dosent, 1977-ci ildə professor elmi adını almışdır. Əmək fəaliyyətinə BDU-nun Fəlsəfə kafedrasında başlamış, 1984-cü ilə qədər burada çalışmış, laborant vəzifəsindən professor vəzifəsinə qədər şərəfli həyat yolu keçmiş, Universitet Partiya Komitəsinin katibi olmuşdur. 1984-1987-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Fəlsəfə kafedrasının müdiri, 1987-1988-ci illərdə Azərbaycan KP yanında Partiya Tarixi İnstitutunun direktorunun elmi işlər üzrə müavini, 1988-1994-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Fəlsəfə kafedrasının müdiri, 1994-1999-cu illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, 1999-2004-cü illərdə BDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifələrində çalışmışdır.
20 elmlər namizədi və 5 elmlər doktoru hazırlamışdır. 10 kitabın, 120-yə yaxın məqalənin müəllifidir.
1991-ci ildə akademik S.İ.Vavilov adına medalla, 2007-ci ildə «Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi» döş nişanı ilə, 2009-cu ildə «Şöhrət» ordeni ilə təltif olunmuşdur.
Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər akademiyasının akademiki seçilmişdir.
AMEA-nın müxbir üzvü Bəxtiyar Həmzə oğlu Əliyev1979-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Psixologiya fakültəsinə qəbul olmuşdur. 1983-cü ildə həmin fakültəni bitirdikdən sonra təyinatla Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Psixologiya və pedaqogika kafedrasında əmək fəaliyyətinə başlamış, müəllim vəzifəsindən AMEA-nın müxbir üzvünə qədər həyat yolu keçmişdir. 1989-cu ildə namizədlik dissertasiyasını, 1998-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2000-ci ildən professordur. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
AMEA-nın müxbir üzvü B.H.Əliyev şəxsiyyətə yeni baxış nəzəriyyəsi ilə şəxsiyyətin formalaşması və inkişafı haqqında yeni konseptual model yaratmış, təlim prosesində mənimsəmənin effektivliyini artırmaq üçün öyrənmənin dərketmə modelini irəli sürmüşdür. 2000-ci ildən psixologiya elmləri üzrə Dissertasiya şurasının sədridir.
O, 6 monoqrafiyanın, 15 dərslik və dərs vəsaitinin, 29 proqram və metodiki tövsiyənin, 150 elmi məqalə və tezisin müəllifidir. Respublikamızda ilk dəfə olaraq 1999-cu ildə «Psixologiya jurnalı»nı təsis etmiş və elə həmin dövrdən indiyə kimi onun baş redaktorudur. B.H.Əliyevin rəhbərliyi ilə 23 namizədlik, 5 doktorluq dissertasiyası müdafiə olunmuşdur.
AMEA-nın müxbir üzvü B.H.Əliyev elmi-pedaqoji fəaliyyətlə yanaşı, ictimai-siyasi fəaliyyətlə də məşğuldur. Azərbaycan Respublikası Milli Məclisinin II, III və IV çağırışının deputatı seçilmişdir. Avropa Şurası Parlament Assambleyasının üzvü kimi Elm və təhsil məsələləri komitəsinin, Monitorinq komitəsinin üzvü və Genişmiqyaslı miqrantlar və köçkünlərlə iş üzrə alt komitəsinin sədri olmuşdur.
Professor Kamilə Ramiz qızı Əliyeva1992-ci ildə BDU-nun biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək, Zoologiya İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1998-2002-ci illərdə BDU-nun Psixologiya kafedrasının dissertantı olmuşdur. 2002-ci ildə namizədlik dissertasiyası, 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1999-cu ildən Psixologiya kafedrasında müəllim, 2004-cü ildən dosent vəzifəsində çalışmışdır. 2010-cu ildə professor elmi adını almışdır. O, 3 nəfər doktoranta elmi rəhbərlik edir. Dəfələrlə dissertasiya işlərinin opponenti olmuşdur.
K.R.Əliyevanın tədqiqatı şəxsiyyətin yaradıcı potensialının başa düşülməsində, kreativ davranışın inkişaf etdirilməsində, tələbələrdə yaradıcı imkanların üzə çıxarılmasında və yaradıcı təhsil mühitinin formalaşdırılmasında çox böyük əhəmiyyət kəsb edir. Problemin K.R.Əliyeva tərəfindən pedaqoji aspektdə tədqiqi elmin inkişafında yeni dəyərli ideyaların ortaya qoyulmasına və irəli sürülmüş müddəaların zəngin eksperimental faktlarla sübutuna zəmin yaratmışdır.
Prof. K.R.Əliyeva 2009-cu ildə BDU-nun Elmi Şurası tərəfindən İlin müəllimi fəxri adına layiq görülüb, həmin ildə yüksəkixtisaslı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir.
2010-2011-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə səmərəli əməkdaşlığa görə komitə tərəfindən diplomla mükafatlandırılmışdır. Bir çox treninq proqramlarında, beynəlxalq seminarlarda iştirak etməklə yanaşı, sosial siyasət və təhsil problemləri ilə bağlı konfranslarda çıxış etmişdir. İki monoqrafiyanın, bir dərs vəsaitinin, 40-dan artıq elmi əsərin, bir neçə proqramın müəllifidir.
Professor Rəbiyyət Nurullah qızı Aslanova Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirikdən sonra, 1973-1976-cı illərdə universitetin aspiranturasında təhsil almış, 1977-1978-ci illərdə Bakı Dövlət Universitetində asistent olmuşdur. 1981-ci ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2004-cü ildən BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının professorudur. 6 kitabın, 100-ə yaxın məqalənin müəllifidir.
Elmi yaradıcılığının ana xəttini Qərb və Şərq mədəni ənənələrinin sintezi təşkil edir. Azərbaycan xalqının əsrlər boyu təşəkkül tapmış fəlsəfə tarixinin, islam mədəniyyətinin, yüksək milli-mənəvi dəyərlərinin qorunması, müasir dövrdə elimizin adət-ənənələrinin yaşadılması, dinlərarası və mədəniyyətlərarası dialoq məsələlərinin tədqiqinə qiymətli töhfələr vermişdir. Onun əsərləri xalqın milli sərvəti olan dəyərlərin qorunması, inkişaf etdirilməsi və yeni dünyada daim təbliğ olunması kimi müasir həyatdan götürülmüş aktual mövzulara alimin münasibətini təqdim edir. Onun elmi məqalələri xarici ölkələrdə mötəbər elmi jurnallarda nəşr olunmuşdur.
