Home AZ EN RU
  • DEKAN
  • DEKAN MÜAVİNLƏRİ
  • TYUTORLAR
  • ELMİ ŞURA
  • İŞ İCRAÇISI
  • DƏRS CƏDVƏLİ
  • TƏLƏBƏ HƏYATI
  • FAKÜLTƏ ÜZRƏ İXTİSASLAR
  • TƏDRİS OLUNAN FƏNLƏR
  • FOTOALBOM
  • GÖRKƏMLİ ELM XADİMLƏRİMİZ
  • MƏZUNLAR
  • NƏŞRLƏR
  • DOKTORANTURA
  • MAGİSTRATURA
  • ANA SƏHİFƏ
  • FAKÜLTƏ HAQQINDA
  • KAFEDRALAR
  • LABORATORİYALAR
  • ƏLAQƏ

HESABATLAR

Fəlsəfə kafedrasında “Müasir idrakın fəlsəfi əsasları” mövzusunda elmi-tədqiqat işləri aparılmışdır. Məlumdur ki, insanın təbiətə münasibətinin rəngarəng formaları sistemində mühüm yeri idrak, yaxud insanı əhatə edən aləm haqqında biliklər, onun təbiəti və strukturu, inkişaf qanunauyğunluqları, həmçinin insanın özü və bəşər cəmiyyəti haqqında bilgi tutur. İdrak insanın yeni bilik əldə etməsi prosesi, əvvəllər məlum olmayanın kəşfi deməkdir. İdrakın mühüm nailiyyətləri insanın həmin prosesdə fəal rolu ilə əldə edilir. Əslinə qalanda elə fəlsəfi təhlili də maraqlandıran həmin məsələdir. Başqa sözlə desək, söhbət həqiqətə çatmaq yolları, anlayışları və metodlarından gedir.

İdrakın fəlsəfi problemləri dedikdə, idrak nəzəriyyəsinin pred­meti, yaxud qnoseologiya nəzərdə tutulur. «Qnoseologiya»– yunan mənşəli olub, qnozis– bilik, loqos– söz, təlim deməkdir. İdrak nəzəriyyəsi aşağıdakı suallara cavab verir: İdrak nədir? Onun hansı əsas formaları vardır? Biliksizlikdən biliyə keçidin qanunauyğun­luqları necədir? İdrakın subyekti və obyekti nədir? İdrak prosesinin strukturu necədir? Həqiqət nədir və onun hansı kriteriyaları vardır? və s. və i.a. Fəlsəfəyə «İdrak nəzəriyyəsi» terminini ilk dəfə Şotlandiyalı filosof C.Ferrey 1854– cü ildə gətirmişdir.

İdrak vasitələrinin təkmilləşdirilməsi insanın fəaliyyət tari­xinin ayrılmaz hissəsidir. Keçmiş dövrlərin filosofları çoxsaylı idrak məsələlərinin həllinə diqqət yetirmişlər. Təsadüfi deyildir ki, bu problem fəlsəfi fikrin inkişafında müəyyənedici yer tutmuşdur. Əvvəlcə idrak sadəlövh, bəzən isə hətta primitiv formada çıxış edir, yəni adi idrak kimi mövcud olur. Onun funksiyası bu günə qədər öz əhəmiyyətini itirməmişdir. İnsan praktikasının inkişaf səviyyəsi ilə əlaqədar olaraq onun ətraf aləmi qavramaq vərdişləri və bacarığı da təkmilləşmişdir. Nəticədə təkcə idrak vasitələri ilə deyil, elmin bu və ya digər növləri ilə gerçəkliyin öyrənilməsi davam etdirilmişdir. Bu zaman bütövlükdə dünyanı əhatə edən ümumfəlsəfi prinsiplərlə yanaşı, idrak sahəsi (insan idrakının dünyaya münasibəti), eləcə də xüsusi elmi təfəkkür prinsipləri və xüsusi elmi nəzəriyyələrin prinsipləri inkişaf etmişdir.

Ümumiyyətlə, XX əsrdə elm cəmiyyətin həyatını dəyişə bilən qüdrətli amillərdən birinə çevrilmişdir. Bu zamandan başlayaraq elm özünü tədqiqat obyektinə çevirmiş və onu tədqiq etməyə baş­lamışlar. Bununla yanaşı, cəmiyyətin və insanın idraki fəaliyyəti mər­kəzi tədqiqat obyektinə çevrilmişdir. Elmi yaradıcılığın psixolo­giyası, elmin məntiqi, elmin sosiologiyası, elmin tarixi, nəhayət, elmşünaslıq– bütün bunlar elmi idrakın müxtəlif forma və sahələrini öyrənən xüsusi fənlərin qısa siyahısıdır. Lakin fəlsəfə də kənarda qalmamışdır. Bu sahədə yaranan elm fəlsəfəsi (konkret sahələrə gəldikdə isə, biologiyanın fəlsəfəsi, fizikanın fəlsəfəsi, riyaziyyatın fəlsəfəsi və s.) geniş fəaliyyətə başlamışdır.

Ümumiyyətlə, ictimai həyatın müxtəlif sahələrinə güclü təsir göstərən müasir elmi-texniki tərəqqi dövründə idrakın fəlsəfi əsaslarının təhlili mühüm aktuallıq kəsb edir. Son illərdə elmin metodoloji problemlərinin tədqiqinə artan marağı yalnız cəmiyyətin sosial-iqtisadi inkişafının tələbləri və bir sıra ümumi-qnoseoloji mülahizələrlə kifayətlənmir.

Elmlərin nəzəri cəhətdən düzgün təhlili gerçəkliyin müxtəlif sahələrinin fəlsəfi baxımdan dərindən başa düşülməsi ilə bağlıdır. Bu isə o deməkdir ki, müasir idrakın fəlsəfi əsaslarının təhlili bu gün daha da aktualdır. Yaşadığımız günlərdə müasir idrakın fəlsəfi əsaslarının öyrənilməsinə marağın gündən-günə artması ilk növbədə elmdə qazanılan yüksək nailiyyətlər və onların təhlili, habelə müasir idrak nəzəriyyəsində elmi metodologiyanın həlledici rol oynaması ilə bağlıdır.

İdrakın empirik və nəzəri metodlarının təhlili eksperiment, ölçmə, modelləşmə, formallaşdırma, müasir idrakda elmilik və dəyərlərin münasibəti, rasionallıq və qeyri-rasionallığın fəlsəfi ontologiyanın tədqiqat obyekti kimi öyrənilməsi, sinergetika problemi və sairə müasir idrakın fəlsəfi əsaslarının predmetinə daxildir. Yəni, bütün bu məsələlər müasir idrakın fəlsəfi əsaslarının predmetini təşkil edir.

Müasir idrakın fəlsəfi əsaslarının tədqiqatı onun predmetinə daxil olan bu və ya digər məsələnin hərtərəfli və dərindən öyrənilməsini nəzərdə tutur. Yuxarıda qeyd olunan keyfiyyətlər kafedranın hesabatlarında hər il işıqlandırılmışdır. Əməkdaşlar müsbət nəticələr əldə etmiş, problemin  ayrı-ayrı tərəflərini araşdırmışlar. Kafedra tərəfindən təqdim olunan hesabatlarda tədqiqatçıların nəşr etdirdikləri məqalələr, tezislər, monoqrafiya və kitablar öz əksini tapmışdır.

Bookmark and Share
© Bakı Dövlət Universiteti