KAFEDRANIN TARİXİ
Pedaqogika kafedrası 1940-cı ildə yaradılıb. 1960-cı ilin oktyabr ayında iki müstəqil kafedranın:-“Məntiq və psixologiya” və “Pedaqogika” kafedralarının bazasında “Pedaqogika və psixologiya” kafedrası formalaşıb. 1960-1970-cı illər ərzində kafedraya professor Məmmədəli Cavad oğlu Məhərrəmov rəhbərlik edib. 1971-ci ildən 1991-ci ilə kimi kafedranın müdiri professor Əkbər Salman oğlu Bayramov olub.1991-ci ildən pedaqogika kafedrası psixologiya kafedrasından ayrılıb, müstəqil kafedra kimi fəaliyyətə başlayıb. Müstəqil fəaliyyətə 13 nəfər müəllim, 2 nəfər baş laborantla başlayıb. Sonradan onun tərkibi dəyişib, say etibarı ilə 18 nəfərə çatıb. Son illərdə isə kafedranın müəllimlərindən Sima Sadıxova, Amaliya Ələsgərova, Fatma Ələsgərova, Aydın Fərrux və Fəridə Həsənova dünyalarını dəyişiblər. Onların xatirəsi həmişə hörmətlə yad edilir. Həmin vaxtdan 2011-ci ilə kimi kafedraya pedaqoji elmləri doktoru, professor Nübar Muxtar qızı Muxtarova rəhbərlik edib, 2011-2013-cü illər ərzində kafedraya rəhbərlik pedaqoji elmləri doktoru, professor Hikmət Əbdul oğlu Əlizadəyə həvalə edilib. 2014-cü ildən hal-hazıra kimi kafedra müdiri prof. L.N.Qasımovadır.
Bu illər ərzində kafedranın müəllimlərindən N.M.Muxtarova, H.Ə.Əlizadə, L.N.Qasımova müvəffəqiyyətlə doktorluq dissertasiyası və o cümlədən, 11 nəfər namizədlik dissertasiyası müdafiə edib. Kafedranın alimləri N.M.Muxtarova, R.M.Mahmudova, H.Ə.Əlizadə, L.N.Qasımova elmi axtarışlarının nəticələri ilə Rusiya, Çin, Türkiyə, Malayziya, Almaniya, və Gürcüstanda keçirilən beynəlxalq elmi konfranslarda çıxış ediblər. Kafedrada 1991-ci ildən aparıcı müəssisə kimi çoxlu sayda doktorluq və namizədlik dissertasiyasına rəy verilib.
Kafedra əməkdaşları tərəfindən bakalavr və magistratura pilləsi, o cümlədən doktoranturaya qəbul üzrə proqramlar tərtib edilib və vaxtaşırı yenidən işlənilərək çap edilib.
Müstəqil fəaliyyət göstərdiyi illər ərzində kafedra əməkdaşları özlərinin elmi-metodik fəaliyyətində də bir sıra diqqət çəkən göstəricilər əldə edib, universitetin və eləcə də respublikanın elmi-pedaqoji həyatında yüksək fəallıq göstəriblər. Kafedra üzvləri dərslik, dərs vəsaitləri, proqram və metodik göstərişlərin hazırlanması sahəsində müəyyən iş görüb, elmi jurnallarda və elmi konfranslarda məqalə və tezislərlə çıxış ediblər. Bu illər ərzində pedaqogika kafedrası 10 elmi-praktik konfrans keçirib.
Pedaqogika kafedrası tədris-elmi fəaliyyəti ilə yanaşı ictimai işlərdə və xeyriyyə tədbirlərinin keçirilməsində də yaxından iştirak edir. Kafedranın müəllimləri xalqımızın ağır 1989-1993-cü illərində BDU-da yaralı əsgərlərə, şəhid olmuş tələbələrin ailəsinə, Beynəlxalq uşaq ili ilə əlaqədar olaraq Xocalı uşaqların xeyriyyə konserti keçirilməsinə rəhbərlik ediblər. Kafedra əməkdaşları tələbələrlə birlikdə respublika Travmatologiya institutunun 7 saylı palatasının yaralı əsgərlərini hamiliyə götürüblər.
Kafedra əməkdaşları bu gün də öz elmi-pedaqoji fəaliyyətlərini inamla davam etdirir, Müstəqil, azad və suveren respublikamızın gələcəyi naminə gənc nəslin təlim– tərbiyəsi işini günün tələbləri səviyyəsində qururlar.
