KAFEDRANIN TARİXİ
Gender və Tətbiqi psixologiya kafedrası BDU –da 2002-ci ildən fəaliyyət göstərir. Kafedranın yaradılmasında respublikamızda 1997-2000-ci illərdə həyata keçirilən BMT-nin İnkişaf Proqramının və Azərbaycan Hökümətinin birgə “Azərbaycanda Gender İnkişafda” layihəsinin reallaşdırılması əsaslı rol oynamışdır. Bu layihənin dəstəyi ilə 2000-ci ilin noyabr ayında Bakı Dövlət Universitetində “Gender tədqiqatları mərkəzi” yaradıldı, sonra həmin mərkəz əsasında Sosial elmlər və psixologiya fakültəsi nəzdində “Gender və tətbiqi psixologiya” kafedrası təşkil edildi. Kafedranın açılmasının məqsədi bir tərəfdən beynəlxalq aləmi düşündürən XX əsrin ən mühüm məsələlərindən biri olan gender bərabərliyi probleminin həm tədqiqi, həm də gender bilikləri və tədqiqat nəticələrindən tədrisdə istifadə olunmasını həyata keçirmək idisə, digər tərəfdən müasir dövrdə gündəmdə olan bu problemin müxtəlif aspektlərinin araşdırılması istiqamətində psixologiya elminin nailiyyətlərindən səmərəli şəkildə istifadə olunması tələbini ödəmək idi. Gender ilə bağlı belə kafedra respublikada ilkin, MDB ölkələri məkanında da birincilərdən olmuşdur. Bu da heç təəcübləndirici deyil. Hələ 1919-cu ildə, digər ölkələrdə qadın hüquq bərabərliyi, qadın savadsızlığı ilə mübarəzə yenicə dərk edildiyi bir vaxtda, Azərbaycan Demokratik Respublikasının (Azərbaycan Cumhürriyəti) Parlamenti tərəfindən Bakı Dövlət Universiteti haqqında qəbul edilmiş qanunda (VIII və IX maddələrdə) yazılmışdı: “Yeni tələbələr, istər erkək, istər kadın ümumi əsaslar üzrə qəbul olunurlar”. Şübhəsiz, Bakı Dövlət Universitetinin hər zaman özünə məxsus, mütərrəqi ab-havanı saxlamaq xüsusiyyəti BMT-nin Azərbaycandakı ofisinin gender probleminin tədqiqi və tədrisi barədəki təklifinin qəbul olunmasında özünü göstərdi. Uuniversitetin rəhbərliyi bu məsələyə diqqət yetirərək gender dərslərinin bakalavr pilləsində 15 fakültədə aparılmasına dəstək verdi.
