Məmmədova Gülnar: Tələbə - rəssam
Sizin diqqətinizə təqdim edilən gənc rəssam Məmmədova Gülnar 1989-cu ildə anadan olmuşdur.
O, hələ məktəb illərindən rəssamlığa xüsusi maraq göstərmiş və bunu sezən valideynləri onu Sumqayıt Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində
fəaliyyət göstərən təsviri incəsənət dərnəyinə üzv yazdırmıılar. Gülnarın rəssamlıq həyatı belə başlamışdı. Beləliklə, rəssamlıqda ilk addımlarınıını
atan Gülnar, getdikcə öz istedadını cilovlayaraq istedadlı gənc rəssam kimi bu illər ərzində bir çox müsabiqələrdə iştirak etmişdir. Bunlardan “20 Yanvar - əsrin faciəsi”,
“Qar üstünə qan düşür”, “Elimizə bahar gəlir”, “Əbədi müstəqillik”, “Narkomaniyaya yox deyək” və “Milli mənəvi dəyərlərimiz” adlı müsabiqələri göstərmək olar.
Adları çəkilən müsabiqələrdə qazandığı uğurlar onda bir rəssam kimi özünə inamı daha da artırmışdır.
Lakin onun 2008-ci ildə Sosial elmlər və psixologiya fakültəsinin psixologiya ixtisasına qəbulunu xüsusilə vurğulamaq istərdim. Belə ki, psixologiya
ixtisasında təhsil alması onun dünyagörüşünə, baxış rakusuna ciddi formada təsir edib, o daxilindəki təlatümləri daha aydın anlaya, cəmiyyətdə
baş verən müxtəlif hadisələri daha şüurlu formada qavraya, ən önəmlisi isə insanı, onun daxili aləmini, yaşantısını mükəmməl dərk edə,
özünəməxsus şəkildə fikir süzgəcindən keçirmə qabiliyyətinə yiyələnmişdir. Bu rəssamlıqda mühüm və onu digərlərindən fərqləndirən əsas
məziyyətlərdəndir. Əsl rəssam təbiətdə, cəmiyyətdə baş verən hadisələrə etinasız qala bilməz. Eyni zamanda insanın daxili “Mən”ini açmaq,
onun sevincini, kədərini, sevgisini,faciəsini, iztirabını, ehtirasını göstərmək isə rəssamdan xüsusi bacarıq tələb edir. Rəssam sözlə deyə bilmədiklərini
elə formada təqdim etməlidir ki, ona baxanı valeh etməklə yanaşı, onu düşündürsün, insan psixikasının alt qatlarında yatan duyğuları oyatsın.
Gənc rəssam Gülnarda bu keyfiyyətlər var. Onun əl işlərinə baxanda vətənpərvərlik, sevgi, qayğı, həsrət və insanın daxili dünyasını açan psixoloji
təzadları məharətlə vermək bacarığı hiss olunur.
