“Ekoloji böhran və onun Urmiya gölü ətrafında doğurduğu fəsadlar” adlı məşğələ-seminar
21/05/20142014-cü il may ayının 20-də Bakı dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin sosiologiya ixtisası üzrə təhsil alan ikinci kurs tələbələri (1610-cu qrup) Sosiologiya kafedrası ilə birlikdə “Sosial ekologiya” fənninin müəlliməsi Aygün Məmmədovanın təşkilatçılığı ilə “Ekoloji böhran və onun Urmiya gölü ətrafında doğurduğu fəsadlar” adlı məşğələ-seminar həyata keçirib.
Həmin seminarda Sosiologiya kafedrasının müdiri Pr. İzzət Rüstəmov, Sosial elmlər və psixologiya fakültəsinin dekan müavini Daxil Vəliyev, Sosiologiya kafedrasının müəllimləri dosent Rəna Məmmədova, Südabə Haşımova, Natəvan Nəcəfova, bundan əlavə Sosial iş , Psixologiya və Fəlsəfə ixtisası üzrə təhsil alan tələbələr də iştirak edib.
Konfrans zalında keçirilən tədbir, Aygün Məmmədovanın tədbir haqqında verdiyi izahatla başlayıb, sonra Soma hadisəsində qardaş Türkiyə Respublikasında həlak olanlara hörmət əlaməti olaraq 1 dəqiqə sükutla davam edib. Sonra isə Cənubi Azərbaycandan olan tələbə Yaşar Şekari Urmiya tarixi, Urmiya gölünün coğrafi mövqeyi, potensialları və onun quruması səbəbləri haqda geniş izahatla çıxış edib. O, Urmiya gölünün region üçün əhəmiyyətli olduğunu vurğulayaraq baş verəcək ekoloji böhranın miqyasından danışıb. İzahatla yanaşı slayda Urmiya gölünün əvvəlki və son vəziyyəti ilə bağlı şəkillər nümayiş etdirilib. Bu haqda Pr. İzzət Rüstəmov da öz fikirlərini iştirakçılarla bölüşərək hər kəsin ekoloji problemlərlə bağlı məsuliyyətli olmasını zəruri hesab etdiyini bildirib.
Seminarda müxtəlif ölkələrin o cümlədən Türkiyənin Urmiya gölünün quruması haqda yayımladığı video süjetlər göstərilib.
Seminarın sonunda qrup tələbəsi Nərmin Məmmədli çıxış edərək insanları ekoloji böhranlarla bağlı həssas olmağa, ətraf mühitin qorunmasında xüsusi səyin göstərilməsinin vacibliyindən danışıb. O həmçinin Xəzər dənizinin çirklənməsi probleminə də işarə edib.
![]() |
![]() |
|
![]() |
![]() |
