“Mən [də] Psixoloq” layihəsi
05/06/2014Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin bir qrup tələbəsi, fakültə dekanı prof. H. Ə. Əlizadənin dəstəyi ilə 21-22 may 2014-cü il tarixlərində psixologiya ixtisasında təhsil alan tələbələr üçün nəzərdə tutulmuş “Mən [də] Psixoloq” layihəsinin təqdimatı keçirilmişdir. Layihənin əsas məqsədi psixologiya ixtisasında təhsil alan tələbələrin oxu mədəniyyətinin inkişaf etdirilməsi, praktiki biliklərin dərinləşdirilməsi və nəzəri biliklərlə əlaqələndirilməsi, tələbələrin şəxsi inkişafının stimullaşdırılmasından ibarətdir. Layihə rəhbərliyini fakültənin psixologiya ixtisasında təhsil alan III kurs tələbəsi S. Davidova icra edəcək, işçi qrupa eyni kursda təhsil alan F. Camalova və A. Abbasbəyli daxildir. Layihənin elmi məsələlər üzrə məsləhətçisi Sosial və Pedaqoji Psixologiya kafedrasının müəlliməsi N. Abdullayeva təyin edilmişdir. Layihə 2 iyul – 9 sentyabr, 2014-cü il tarixlərində reallaşdırılacaq. Layihə iştirakçıları online ərizə forması və müsahibə əsasında psixologiya ixtisasında təhsil alan I, II və III kurs tələbələri arasından seçiləcək. Layihə çərçivəsində iştirakçılarla həftədə 3 görüş olmaqla təlimlər, master-class'lar və qrup terapiyalarının keçirilməsi nəzərdə tutulur. Layihənin icra müddətində tələbələr öz nailiyyətlərini, yiyələndikləri bilik və bacarıqları hesabat və tezislər formasında sentyabr ayında təşkil olunacaq dəyirmi masada təqdim edəcəklər. Həmçinin dəyirmi masanın əsas mövzusu olan “Psixologiya ixtisası ilə bağlı tədris olunan fənnlər və dərslərin keçirilmə texnikaları” ilə əlaqədar tələbə və pedaqoqlar arasında keçirilmiş sorğu nəticələrinin açıqlanması və təkliflər paketinin hazırlanması nəzərdə tutulur. Dəyirmi masaya psixologiya ixtisası tədris olunan ali təhsil müəssisələrinin kafedra əməkdaşları dəvət olunacaq və psixologiya fənninin tədrisi prosesinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsi aparılacaqdır.
