SEP KÖNÜLLÜLƏRİ ŞUŞADA ETİRAZ AKSİYASINI DAVAM ETDİRİLƏR
23/12/2022Artıq xeyli vaxtdır ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda fasiləsiz dinc aksiya keçirilir. Aksiyada ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri, QHT təmsilçiləri ilə yanaşı tələbələr də fəal iştirak edirlər. Bakı Dövlət Universitetinin könüllüləri də günlərdir ki, soyuq iqlim şəraitinə baxmayaraq əzmlə tələblərinin yerinə yetirilməsi üçün qətiyyət nümayiş etdirirlər.
BDU ailəsinin bir üzvü olan Sosial elmlər və psixologiya fakültəsinin bir qrup tələbəsi - Osmanov Laçın, Aslanov Heydər, Teymurlu Gülbahar, Ramazanova Nuray - artıq günlərdir ki, könüllü olaraq tədbir iştirakçıları ilə çiyin-çiyinədirlər. Dinc aksiyada iştirak edən sosiologiya ixtisası üzrə ikinci kurs tələbəsi Heydər Aslanov səfər təəssüratlarını fakültə tələbələri ilə bölüşüb. Şuşanı həmişə xəyallarında yaşatdığını deyən H.Aslanov doğma diyarın füsunkar gözəlliyindən qürurla bəhs edib. Başı dumanlı Şuşaya qış fəslində getməsinə baxmayaraq, onun bütün fəsillərdə füsunkar təbiətə malik olduğunu söyləyib. H.Aslanov digər könüllülərlə birlikdə Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyasını davam etdirəcəyini bildirib.
