Sosial işçilər
02/03/2017Sosial elmlər və psixologiya fakültəsində sosial iş ixtisasında oxuyan tələbələrlə Bakı Dövlət Universitetinin baş laborantı şair, publisist, görmə qabliyyəti olmayan Mayılov Fikrət Ənvər oğlu ilə 1 mart 2017-ci il tarixində görüş keçirilib. Məlumat üçün bildirək ki, görüş 3-cü kurs sosial iş ixtisası, qrup 1631 tələbələri- Mərdanova Aynur Elsevər qızı, Hüseynova Finalə Mehman qızı, Rəhimova Çinarə Soltan qızı, Abdullayeva Könül Məhərrəm qızının fərdi iş layihəsi əsasında baş tutub.
Görüşü giriş sözü ilə açan fakültənin dekan müavini dosent Ü.A.Şəfiyev bildirib ki, sosial iş universitet rəhbərliyinin təşəbbüsü ilə zamanında açılmış bir ixtisasdır. Bu ixtisas qayğıya ehtiyacı olan insanlarla işləyən mütəxəssislər hazırlayır. Sosial iş ixtisasında oxuyan tələbələrimiz daha çox qayğıya ehtiyacı olan insanlarla təmasda olmalıdırlar. Elə bu məqsədlə tələbələrimizin istəyi ilə qayğıya ehtiyacı olan insanlardan biri gözdən əlil Fikrət Mayılovla keçirilən görüş məqsədəuyğun olub. Görüşdə gözdən əlil Fikrət Mayılov öz həyat hekayəsini tələbələrə çatdırıb. Dövlətin, o cümlədən universitetin ona qayğısından razı qaldığını qeyd edib. Lakin sadə vətandaşların və bəzi valideyinlərin əlillərə münasibətinin tam qənaətbəxş olmadığı gileyini də tələbələrlə bölüşüb.Görüşdə sosial işçinin etikası, qayğıya ehtiyacı olan insanlarla rəftar, qayğıya ehtiyacı olan insanların problemləri ilə bağlı suallar cavablandırılıb. Görüşdə sosial iş ixtisasında oxuyan tələbələrdən biri- Quliyeva Ülviyyəxanım Bəşir qızı belə bir təşəbbüslə çıxış edib ki, müəyyən bir qrafiklə sosial işçi tələbələr Fikrət müəllimə kitab oxumaqda yardımçı olsun. Hansı ki, Fikrət müəllim özü buna ehtiyac hiss etdiyini dilə gətiribmiş. Tələbələr gələcəyin sosial işçiləri kimi Fikrət müəllimə öz xidmətlərini təklif ediblər.
![]() |
![]() |
