XOCALI SOYQIRIMI=ERMƏNİ VANDALİZMİ
22/02/2012XOCALI SOYQIRIMI — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım...
Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Dağlıq Qarabağın ən gözəl bölgələrindən olan Xocalı Ermənistan Silahlı Qüvvələri üçün hərbi strateji bir hədəf xüsusiyyətində idi. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Həm də ki, strateji baxımdan Qarabağ dağ silsiləsində-Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üzərində yerləşir. Xankəndindən 10 km uzaqlıqda-cənub-şərqində yerləşən Xocalı 26 Fevral 1992 tarixində hücuma məruz qalmış və tamamilə məhv edilmişdir. Bu zaman Xocalıya hələ tam formalaşmamış Azərbaycan Silahlı Qüvvələri nəzarət edə bilmirdi və tamamilə müdafiəsiz bir vəziyyətdə idi. Bu zaman burada hərbçi qismində dağınıq halda əlində yüngül silahlar olan təxminən 150 adam var idi. Azərbaycan silahlı qüvvələri Xocalı sakinlərinə kömək edə bilmədi, hətta uzun müddət cəsədlərin alınması belə mümkün olmadı.
Ermənistan Silahlı Qüvvələri kəndi üç istiqamətdən əhatə etmiş, vertolyot və ağır texnikanın köməyi ilə əvvəl kəndi bombalamış və sonra isə kəndə girərək qırğın törətmişdir.
Belə ki,1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və şəxsi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər Xocalı sakinləri Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Ağdama yolunda çoxunun ayaqları donmuşdu. Bəzilərinin ayaqları isə qanqrenaya görə kəsilmişdi. Ermənilər belə vəhşiliyi sanki “ibrət” olsun, “nümunə” olsun deyə etmişdilər. Qoca babaların, yaşlı anaların üzləri doğranmış, gənc qadınların sinələri kəsilmiş, körpələrin baş dəriləri üzülmüşdü. Xocalı ilə Ağdam arasındakı 12 kilometrlik meşə boyunca cəsədlər düzülmüşdü
Amma bir günün içində Yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Kiçiyə,böyüyə fərq qoyulmadı. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Cəsədlərin bir çoxunun yandırıldığı, gözlərinin oyulduğu, qulaqları, burunları və başları ilə bədənlərinin müxtəlif üzvlərinin kəsildiyi üzə çıxmışdır. Eyni vəhşiliklə hamilə qadınlar və uşaqlar belə üzləşmişlər. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.
Xocalı soyqırımını çox vaxt Xatın, Sonqmi faciələri ilə müqayisə edirlər. Hətta bu dəhşətli hadisələr də Xocalı ilə müqayisəyə gəlmir. Alman faşistləri 1943-cü il martın 22-də Belorusun Xatın kəndində əhalini bir binaya yığaraq yandırıblar. Nəticədə 149 nəfər, o cümlədən, 76 uşaq məhv edildi, yalnız bir nəfər sağ qalmışdı. Digər faciə 1968-ci il martın 16-da ABŞ əsgərləri tərəfindən Vyetnamın Sonqmi kəndində törədildi. Burada dinc əhali qətlə yetirildi. Kənddə qoyulmuş abidənin üzərində 504 nəfərin (1 yaşından 82 yaşa qədər) adı yazılmışdır.
Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə "Xocalı soyqırımı", "Xocalı faciəsi" kimi anılır. Ermənistanda isə bu əməliyyat "Xocalı döyüşü", "Xocalı hadisəsi" terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı "Xocalı qətliamı" (en. "Khojaly Massacre", fr. "Massacre de Khodjaly") terminindən istifadə etməyə üstünlük verir.
Qəmbərli Afər
BDU, SEP, Politologiya 1-ci kurs
